“Call of Duty: Vanguard” 05.11.2021-ci il tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S platformaları üçün buraxılacaq.
“Call of Duty” seriyasının sayca 19-cu hissəsi olan “Call of Duty: Vanguard” Activision və Sledgehammer Games tərəfindən ərsəyə gətirilir. Ənənəvi olaraq bu hissədə də oyunçuları birinci şəxs perspektivli şuter (first-person shooter ing.) gözləyir. Və əlbəttə ki, oyunda həm təknəfərlik, həm də çoxnəfərlik rejimlər mövcud olacaq.
“Call of Duty: Vanguard” 2019-cu il tarixində buraxılan “Call of Duty: Modern Warfare” ilə eyni, lakin daha da təkmilləşdirilmiş oyun mühərrikində ərsəyə gətirilir.
Əvvəl yazdığımız məqalədə qeyd etdiyimiz ki, 19 avqust tarixində oyununun “Warzone” çərçivəsində təqdimatı keçirildi.

Süjetə görə
Hadisələr İkinci Dünya müharibəsində 4 fərqli cəbhədə cərəyan edəcək. Oyunçular həm şərq, həm qərb, həm Şimali Afrika, həm də Sakit okean cəbhələri olmaqla müxtəlif istiqamətlərdə döyüşlərdə iştirak edəcəklər. Hər cəbhənin öz baş qəhrəmanı var. Belə ki, Şimali Afrika cəbhəsi döyüşlərində oyunçular Böyük Britaniya ordusundan Lukas Riqqs, qərb cəbhəsi döyüşlərində Böyük Britaniya ordusundan Artur Kinqsli, Sakit okean cəbhəsi döyüşlərində ABŞ ordusundan Veyd Cekson və şərq cəbhəsi döyüşlərində SSRİ-nin qırmızı ordusundan Polina Petrova personajları ilə oynamaq imkanı əldə edəcəklər.
Oyunun süjeti və baş qəhrəmanlar qismən dəyişdirilməklə real hadisələrə əsaslanır. Belə ki, SSRİ ordusundan Polina Petrova obrazı həqiqətən də İkinci Dünya müharibəsində fədakarlıqla döyüşən müharibə qəhrəmanı Lyudmila Pavliçenkonu canlandırır.
Süjet kampaniyasındakı oyun xəritələri və döyüş məkanları haqda təfərrüatlar gələcəkdə açıqlanacaq. Buna baxmayaraq SSRİ ordusunda oyunun yalnız Stalininqrad uğrunda döyüşlərə həsr olunacağı qeyd olunur. İlkin məlumata görə SSRİ-nin iştirak etdiyi digər döyüşlər bu oyunda işıqlandırılmayacaq.
Yaradıcı şirkət Sledgehammer Games isə qeyd edir ki, oyuna İkinci Dünya müharibəsinin həlledici döyüşləri əlavə olunub.
Təəssüf ki, təqdimat zamanı çoxnəfərlik oyun rejimi haqqında çox qısaməzmunlu məlumat paylaşıldı. Hazırda buraxılış zamanı oyunun çoxnəfərlik rejimində artıq 20 oyun xəritəsi olacağı məlumdur. Eləcə də “Call of Duty: Vanguard” oyununda “Gunsmith” sistemi geri dönəcək və daha da təkmilləşdiriləcək.
Oyuna hazırda barəsində heç bir məlumat paylaşılmayan yeni “Champion Hill” rejimi əlavə olunacaq.
Seriyanın sonuncu oyunları “Call of Duty: Modern Warfare” (2019) və “Call of Duty Black Ops: Cold War”da olduğu kimi “Call of Duty: Vanguard” da “Warzone” oyununa inteqrasiya olunacaq. Bu isə o deməkdir ki, “Call of Duty” seriyasının “Battle Royale” oyununda bütün oyunçuları İkinci Dünya müharibəsi ilə bağlı xeyli yeni məzmun gözləyir.

Seriya üçün artıq ənənəvi hal almış zombi rejimi bu oyundan da yan keçməyəcək. Zombi rejimi məlum olmayan səbəblərdən tamamilə başqa studiya tərəfindən ərsəyə gətirilir. Bu studiya seriyanın əvvəlki bir neçə oyununu ərsəyə gətirən “Treyarch”dır. Bu oyundakı zombi rejimində cərəyan edən hadisələr “Call of Duty Black Ops: Cold War”da mövcud olan zombi rejimindəki hadisələrin məntiqi davamıdır.

İndi isə keçək əsas məsələyə – oyunun qiymətlərinə. Gözlənildiyi kimi, artıq oyunu öncədən sifariş etmək mümkündür. Beləliklə “Call of Duty: Vanguard” PC üçün 2, PlayStation və Xbox platformalar üçün isə 3 nəşrdə buraxılacaq:
- PC platforması üçün
* Standart Edition – 59.99$
* Ultimate Edition – 99.99$
- PlayStation üçün
* Standart Edition – 59.99$
* Cross-Gen Bundle – 69.99$
* Ultimate Edition – 99.99$
- Xbox üçün
* Standart Edition – 59.99$
* Cross-Gen Bundle – 69.99$
* Ultimate Edition – 99.99$
“Call of Duty: Vanguard” oyununun təqdimat treyleri: