Ariana Qrandenin konserti 7-9 avqust tarixlərində “Rift Tour” tədbiri çərçivəsində keçiriləcək
Son günlər müxtəlif sosial şəbəkələrdə fərqli mənbələrin verdiyi məlumatlar, nəhayət ki, Epic Games tərəfindən rəsmən təsdiqləndi. 7-9 avqust tarixlərində keçiriləcək “Rift Tour” tədbiri çərçivəsində Ariana Qrandenin konserti olacaq.
Epic Games saytında verilən məlumata görə tədbirdə iştirak etmək istəyən oyunçulara təyin olunan vaxtdan 1 saat əvvəl oyuna daxil olmaları tövsiyə olunur. Tədbir vaxtından 30 dəqiqə əvvəl artıq portala daxil olmaq mümkün olacaq.
“Rift Tour” tədbirinin Bakı vaxtı ilə keçiriləcəyi günlər və saatlar:
- 7 avqust saat 02:00
- 7 avqust saat 22:00
- 8 avqust saat 08:00
- 8 avqust saat 20:00
- 9 avqust saat 02:00
Qeyd edək ki, tədbir günləri eyni məzmun təqdim olunacaq. Yəni, siz 7 avqust tədbirə qoşula bilməmisinizsə, o zaman 8 və ya 9 avqust tarixlərində qoşulub konserti izləyə bilərsiniz.
Ümumiyyətlə isə “Rift Tour” iki hissədən ibarət olacaq. İlk əvvəl oyunçulara “Fortnite” ilə əlaqəli musiqi ilə müşayiət olunan maraqlı çıxışlar təqdim olunacaq. Daha sonra isə Ariana Qrandenin konserti başlayacaq.
Bu hələ son deyil. Qeyd olunanlarla yanaşı “Fortnite” oyundaxili mağazasına müğənninin xarici görünüşü və xüsusi bel aksessuarı əlavə olunacaq.