Ember Lab Kena obrazının yaradılması və animasiyası haqqında məlumat verib və bəzi materialları paylaşıb.
Artıq bir neçə gündən sonra PC, PS4 və PS5 üçün buraxılacaq “Kena: Bridge of Spirits” oyunundan baş qəhrəman Kena obrazının əsas ideyası, yaradılması və personajın oyunda animasiyası haqqında məlumat verilib.
Ember Lab studiyasının verdiyi məlumata görə oyunun yaradılması prosesinin ilkin mərhələsində Kena obrazının uşaq kimi təsvir olunacağı planlaşdırılırdı. Hətta bu obrazın ilkin görünüşünü əks etdirən əl işləri də paylaşılıb.

Layihənin dizaynı üzərində rəssam Vençana İntrasombat çalışıb. Oyunun süjet xəttinin inkişaf mexanizmini və süjetin digər məqamlarını nəzərə aldıqdan sonra, nəhayət ki, Kenanın uşaq yox, gənc və daha təcrübəli obraz kimi təsvir olunması qərara alınıb.
Obrazın 3D formatda tərtib olunması və bədən hissələrinin “motion capture” texnologiyası vasitəsilə hazırlanması ilə rəssam-animator Rodriqo Qonsalveş məşğul olub.

Oyun teskturlarının təkmilləşdirilməsi zamanı Ember Lab “Alpha Cards” texnologiyasından istifadə edib. Müasir texnologiyanın yaratdığı imkanlar sayəsində baş qəhrəmanın xarici görünüşü oyunun mövzusuna uyğun simvollarla bəzədilib. Bu isə öz növbəsində oyunçuya personajın daxili dünyası və xarakteri haqqında daha dərin təsəvvür formalaşdırmağa imkan yaradır.