19 avqust tarixində NCSoft yeni “Lineage W” oyununu təqdim etdi. Oyunun bu ilin sonlarınadək buraxılacağı gözlənilir.
MMORPG janrının əsaslarından və əfsanələrindən biri olan “Lineage” seriyası yenidən dirçəlir. “Lineage” və “Lineage II” oyunlarının yaradıcısı məşhur Cənubi Koreya şirkəti NCSoft nəhayət ki, uzun illərdən sonra seriyanın növbəti oyununu təqdim etdi. “Lineage W” oyununun 19 avqust tarixində rəsmi anons olunmasına və təqdimatının keçirilməsinə baxmayaraq, bu oyunun buraxılacağı artıq çoxdan gözlənilirdi.
“Lineage W” bu ilin sonlarınadək PC, iOS və Android platformalarına, 2022-ci ildə isə PlayStation 5 və Nintendo Switch üçün buraxılacaq.
Təqdimatda verilən məlumata görə “Lineage W” seriyanın ənənələrinə sadiq qalaraq özü ilə kifayət qədər yeniliklər də gətirəcək. Oyun Unreal Engine 4 mühərrikində ərsəyə gətirilir və bu artıq “Lineage II” ilə müqayisədə oyunun daha təkmil mexanikaya malik olacağından xəbər verir.
İlk qeympley görüntülərindən “Lineage W” oyunu yalnız mobil platformalar üçün buraxılan “Lineage 2M” və ya “Lineage II Revolution” oyunlarına bənzəyir. Əslində yaradıcının oyuna bu formada yanaşması heç də təsadüfi deyil, çünki oyun ilk olaraq məhz mobil platformalar üçün buraxılacaq. Hazırda mobil oyun sənayesinin inkişafını və bu platformalarda MMORPG janrının digər janrlardan geri qalmamasını nəzərə alsaq NCSoft şirkətinin atdığı addım başa düşüləndir.
Bir sözlə “Lineage W” günlərlə “Lineage” və ya “Lineage II” oynayan seriya həvəskarlarına bir daha o möhtəşəm fentezi dünyasına qayıtmaq üçün əla imkandır. Bu imkanı qaçırmamaq üçün isə oyunun rəsmi saytında öncədən qeydiyyatdan keçməyi unutmayın.
Lineage W oyununun təqdimatının tam videosunu təqdim edirik: