“Hell is Us” üçüncü şəxs perspektivli ekşen janrında olacaq. Oyunun 2023-cü ildə PC, PS5 və Xbox Series X|S platformalarına buraxılacağı gözlənilir.
Dünən Rogue Factor studiyası “Hell is Us” oyununu anons edib. Anons treyleri ilə yanaşı oyun haqqında qısa da olsa məlumat paylaşılıb. Belə ki, “Hell is Us”da dünya dağıdıcı vətəndaş müharibəsi və müəmmalı varlıqların təsirindən bərbad hala düşüb. Dünyaya basqın edən bu varlıqları isə bəşəriyyətin yaratdığı heç bir silahla məhv etmək mümkün deyil. Baş qəhrəman öz dronu və sehrli qılıncının köməyi ilə qarşısına çıxan varlıqlarla döyüşməli və onların gəldiyi mənbəni müəyyən etməyə çalışmalıdır.
Hələ ki, heç bir qeympley görüntüsü olmasa belə, studiyanın verdiyi məlumata görə oyun üçüncü şəxs perspektivli ekşen və macəra janrlarındadır.
Yeri gəlmişkən, yaradıcı studiya Rogue Factor 2020-ci ildə buraxılan “Necromunda: Underhive Wars” oyununun müəllifidir. Eləcə də, oyunun yaradılmasında “Deus Ex: Human Revolution” və “Deus Ex: Mankind Divided” oyunlarının art direktoru Conatan Jak-Bellet də iştirak edir.





