Tiny Magicians “gamescom 2021” sərgisində Outbreak Island sağ qalma simulyatorunun treylerini təqdim edib
Bu ilin ən möhtəşəm oyun tədbirlərindən biri olan “gamescom” artıq geridə qaldı. Sərgidə iştirak edən yaradıcı və istehsalçı şirkətlər xeyli yeni oyun treylerləri və məzmunu təqdim etdilər. Burada əvvəllər anons olunan oyunların olduğu kimi, ilk dəfə “gamescom 2021” sərgisində anons olunan oyunlar da oldu.
Gamescom sərgisindən ən əsas xəbərləri biz artıq sizinlə paylaşmışıq. İndi isə gəlin bir qədər diqqətimizi daha kiçik studiyaya kökləyək. Sərgidə təqdim olunun treylerlərdən biri də özündə qorxu və detektiv elementlərini ehtiva edən sağ qalma simulyatoru “Outbreak Island” oyunundan bəhs edir.
Tiny Magicians studiyası tərəfindən yalnız PC platforması üçün ərsəyə gətirilən “Outbreak Island” oyununun hələlik buraxılış tarixi məlum olmasa da, oyunun “Steam” rəqəmsal mağazasında səhifəsi mövcuddur.
Qeympley treylerindən göründüyü kimi oyun birinci şəxs perspektivlidir. Oyunda hadisələr fəlakətlə üzləşmiş adada cərəyan edir. Müəmmalı şüanın təsiri nəticəsində ada sakinləri şüurlarından məhrum olaraq vəhşiləşiblər. Baş qəhrəman da yaranmış vəziyyətin səbəblərini araşdırmaq məqsədilə sözügedən adaya gəlir. Burada, o, araşdırmanın aparılması üçün fotoaparatı vasitəsilə vacib məqamları qeydə almalı və eyni zamanda özünü qida və lazımi resurslarla təmin edərək sağ qalmaq uğrunda mübarizə aparmalıdır.