Plague Inc oyununda bu dəfə dünyanı pandemiyadan xilas etmək rejimi
Demək olar ki, bütün Yer Kürəsinə çökmüş COVID-19 virus infeksiyası pandemiyası əvvəllər də kifayət qədər məhşur olan “Plague Inc” oyununu son vaxtlarda bir daha gündəmə gətirdi. Belə ki, dünyanın bir çox ölkələrində elan olunmuş karantin rejimi və fövqəladə rejimlə əlaqədar olaraq bəzi insanlar öz asudə vaxtlarını mobil oyunları oynamaqla keçirir. Bu oyunlar sırasına isə aktiv olaraq yüklənən “Plague Inc” oyunu daxildir. Lakin oyunda məqsəd virusu əksinə dünyaya yaymaq olduğu üçün, oyun yaradıcıları Ndemic Creations bu günkü vəziyyəti nəzərə alıb oyuna yeni virusla mübarizə rejimi əlavə edəcəklər. Bununla yanaşı oyun yaradıcıları koronavirusla mübarizə üçün 250 min ABŞ dolları yardım köçürəcəklər.
Yeniliyin əlavə olunacağı dəqiq tarix isə hələ açıqlanmayıb.