Nəhayət ki, 04.06.2020-ci il tarixində keçirilməsi planlaşdırılan, lakin ABŞ-da baş verən irimiqyaslı etiraz aksiyalarına görə 11.06.2020-ci il tarixinə keçirilmiş PlayStation 5 oyun konsolu üçün oyun proyektlərinin prezentasiyası keçirilir. Bu gün canlı yayımda keçirilən prezentasiyanı paylaşdığımız rəsmi “YouTube” kanalı yayımı ilə izləyə bilərsiniz.
Təqdimetmə tədbirindən əsas məqamları isə biz bu məqaləyə mətn formasında əlavə edəcəyik.
İlk əvvəl “GTA V” oyunundan başlandı. Oyun PlayStation 5 üçün təkmilləşdiriləcək, eləcə də PlayStation 5 konsolunun buraxıldığı zaman konsol sahibləri “GTA Online” bonus olaraq əldə edəcəklər.
“Spider-man” oyununun davamı yeni nəsil konsol üçün! Yeni hissədə baş qəhrəman Maylz Moralez olacaq.
“Sony” şirkəti “Gran Turismo 7” oyununu anons etdi.
“Insomniac” şirkətindən daha bir oyun – “Ratchet&Clank Rift Apart”. Təqdim olunan oyun səhnələrindəki aktivlik və oyun effektləri kifayət qədər keyfiyyətli alınıb.
Square Enix tərəfindən maraqlı perspektivə malik oyun təqdim olundu. Hazırda “Project Athia” adı altında hazırlanır. Qrafik göstəricilər next-gen format üçün gözlənildiyi kimi yüksək səviyyədədir.
Annapurna Interactive tərəfindən “Stray” oyununun anonsu. Məlum olduğu qədəri ilə oyunda söhbət pişikdən gedir:)
“Returnal” oyunu “Hoursemarque” şirkəti tərəfindən anons olundu.
LittleBigPlanet oyunundan “Sackboy” personajına həsr olunmuş ayrıca bir oyun – “Sackboy: A Big Adventure”
“PlayStation Studios” “Destruction AllStars” oyununu anons etdi. Oyunda müxtəlif növ nəqliyyat vasitələri ilə xüsusi arenalarda oyunçular biri digərini zərərsizləşdirənədək bir-birinə qarşı mübarizə aparır.
“Emberlab” oyun studiyası tərəfindən “Kena: Bridge of Spirits” oyunu anons olundu. Baş qəhrəman sehr gücü ilə meşəni “azad etməlidir” Oyunda ətraf mühit rəngarəng təsvir olunub.
“GhostWire: Tokyo” oyununun ilk qeympleyi təqdim olundu. Oyun birinci şəxs görüntüsündədir. İdarəetmə kifayət qədər cəlbedici təsvir olunub, əsasən də personajın əlləri ilə sehri həyata keçirmə prosesi.
“GodFall” oyunun ilk qeympley videosu təqdim olundu. Oyunun buraxılışı bu ilin sonunda PC və PS5 platformaları üçün nəzərdə tutulub. Arxa fonda oynadılan musiqi qeympley treylerini daha da maraqlı edir.
“Annapurna Interactive” və “Heart Machine” “Solar Ash” oyununu anons etdi. Oyunun buraxılışı 2021-ci ildə eksklüziv olaraq PlayStation platforması üçün (PS4 və PS5) baş tutacaq.
Məhşur “Hitman” oyun seriyasının üçüncü və son hissəsi olacaq “Hitman III” oyunu anons edildi.
“Bluepoint” “Demon’s Souls” oyununu remake edir. Məhşur oyuna yeni prizmadan baxış. Prezentasiya çərçivəsində oyunun anons treyleri təqdim olundu.
“Capcom” gözlənilmədən “Resident Evil” oyun seriyasının növbəti hissəsi “Resident Evil 8: Village” oyununu anons etdi. Məhşur seriyanının 8-ci hissəsi bundan əvvəlki “Resident Evil 7” oyununun ənənələrini qoruyur. Oyun birinci şəxs görüntüsündədir. Oyun 2021-ci ildə buraxılacaq.
PS: Açığı, sonda “Resident Evil 8: Village” yazılmasaydı, bu oyun seriyasına məxsusluğu bir o qədər də bilinməzdi.
“Capcom” şirkətindən daha bir oyun – “Pragmata”. Treyler ilk əvvəl bir qədər “Death Stranding” oyununu xatırladır. Lakin sonradan nümayiş etdirilən aktivlik oyun haqqındakı təəssüratlara bir qədər rəng qatır. Maraqlı bir oyun olacağına söz verir. Təəssüf ki, çox gözləməli olacağıq. Oyunun buraxılışı 2022-ci il tarixinə planlaşdırılıb.
“Guerrila Games” “Horizon Zero Dawn” oyununun davamı, el dilində desək ikinci hissəsini anons edib. Oyun “Horizon: Forbidden West” adlanır. Birinci hissəyə çox bənzəyir. Treylerdən göründüyü kimi baş qəhrəman dəyişməz olaraq qalıb.
Bir-birindən maraqlı oyunların anonsundan sonra, nəhayət ki, artıq çoxdan gözlənilən PlayStation 5 konsolunun və bununla birlikdə vasitəçi cihazlarının dizaynı və rəsmi şüarı təqdim olundu.
Yeni nəsil PlayStation 5 konsolunun şüarı – “Oyunda məhdudiyyət yoxdur”
PlayStation 5 konsolunun təqdimetmə treyleri. Treylerin olduğu kimi, yeni nəsil konsolun dizaynı da möhtəşəmdir. Sadəcə gözləmək qalır.
PlayStation 5 konsolu oyunlarının prezentasiyasını canlı yayımda Sizə təqdim edirik: