Sony PlayStation 5 üçün yeni nəsil VR dəsti hazırlayır. Kontrollerin şəkilləri paylaşılıb və bəzi xüsusiyyətləri barədə məlumat verilib.
Xatırladaq ki, 23 fevral tarixində Sony PlayStation 5 üçün yeni nəsil VR başlığını (VR Headset ing.) anons etmişdi. Lakin, VR aksesuarın hazırlanması prosesinin hələ ən başlanğıc mərhələdə olduğundan 2021-ci il ərzində buraxılmayacağı qeyd olunmuşdu.
There’s still a lot of development underway for our new VR system, so it won’t be launching in 2021.
Çox güman ki, qeyd olunanlar yenicə anons olunan VR kontrollerə də aiddir. VR başlığından fərqli olaraq, kontrollerin xüsusiyyətləri və görünüşü haqqında ilkin məlumatlar verilib.

Şirkətin baş vitse-prezidenti Hideaki Nishino yeni kontrollerlərin xarici görünüşünü “orb” (kürə azərb.) formasına bənzədib. Onun sözlərinə görə belə dizayn seçimi həm istifadəçilər, həm də yaradıcı oyun şirkətləri üçün yeni nəsil VR kontrollerin maksimum imkanlarından yararlanmağa şərait yaradacaq.

Rəsmi saytda verilən məlumata görə yeni nəsil VR kontrollerin xüsusiyyətləri aşağıdakı kimidir:
- Adaptiv trigerlər – DualSense qeympadlarında olduğu kimi, bu kontrollerlərdə də L2 və R2 düymələri əks təsir funksiyasına malikdir. Yəni oyun bu funksiyanı dəstəkləyərsə, məsələn, silahdan atəş açan zaman kontrollerin adaptiv triger funksiyası sayəsində təpməni hiss edə bilərsiniz.
- Haptik əks əlaqə – Və ya Taktil əks əlaqə funksiyası mobil indiki cihazların titrəmə funksiyasının daha da təkmilləşdirilmiş növüdür. iPhone və ya digər yeni mobil telefonların istifadəçiləri artıq haptik əks əlaqə funksiyası ilə tanışdırlar.
- Barmaq toxunuşunun aşkarlanması – Baş, orta və şəhadət barmaqlarınızın mövqeyi hər hansı düyməni sıxmadan belə kontroller tərəfindən aşkar olunur. Bu isə oyun prosesi zamanı əl hərəkətlərini daha təbii edir.
- İzləmə – VR başlığı yeni kontrollerləri cihazın alt hissəsində yerləşən üzükvari izləmə qurğusu vasitəsilə izləyir.