Back 4 Blood 12 oktyabr 2021-ci il tarixində PC, PS4 / PS5, Xbox One / Xbox Series X|S platformalarına buraxılacaq
Warner Bros. Interactive Entertainment və Turtle Rock Studios tərəfindən ərsəyə gətirilən “Back 4 Blood” oyunu birbaşa “Left 4 Dead” oyunu ilə əlaqəli olmasa da, onun xələfi hesab olunur. Bu oxşarlığı oyunların adında da müşahidə etmək olar, elə deyilmi? Məsələ burasındadır ki, hər iki oyun Turtle Rock Studios tərəfindən ərsəyə gətirilib. Lakin sözügedən studiya Valve şirkətindən ayrıldığı və müstəqil fəaliyyət göstərməyə başladığı üçün öz oyununa yeni ad verməli olub. Bunun səbəbi isə “Left 4 Dead” oyununun müəlliflik hüquqlarının Valve şirkətinə məxsus olmasıdır.
“Back 4 Blood” birinci şəxs perspektivli şuter (first-person shooter ing.) və sağqalma horror (survival horror ing.) janrlarındadır. Oyun mexanikası isə “Left 4 Dead” oyununa çox bənzəyir. Seriya ilə tanış olanlar bunu dərhal hiss edə biləcəklər.

Oyun əsasən 4 nəfərlik kooperativ və ya 8 nəfərlik yarışma kimi çoxnəfərlik rejimlər üçün nəzərdə tutulub. Buna baxmayaraq “Back 4 Blood” təknəfərlik oyun rejimini də dəstəkləyir.
Təqdim olunan qeympley treyleri isə oyun prosesindən real görüntülərlə yanaşı, həm də PC platforması üçün versiyanın üstünlüklərindən bəhs edir. Bu üstünlüklərə 4K ölçüsündə hədsiz FPS imkanları, Nvidia DLSS texnologiyasının, eləcə də ultra enli və bir neçə monitorun dəstəklənməsi və s. digər oyun qrafikasının tənzimlənməsi imkanları daxildir.
Oyunda krosspley, yəni digər platformalarla oynamaq imkanı da mövcud olacaq.
Back 4 Blood oyununun qeympley treyleri: