Condor adlandırılan yeni kooperativ oyun layihəsində hadisələr Control kainatında cərəyan edəcək
29 iyun tarixində Remedy Entertainment yaradıcı studiyası və 505 Games istehsalçı şirkəti birgə kooperativ oyun yaradacaqlarını anons ediblər. Yeni oyunun adı bəlli olmasa da, layihə “Condor” adlanır. Hazırda oyunun 4 nəfərlik kooperativ PvE (person vs environment) janrında olacağı və hadisələrin “Control” kainatında cərəyan edəcəyi məlumdur.
Xatırladaq ki, Remedy əvvəllər “Control” və “Alan Wake” oyunundakı hadisələrin də eyni kainatda cərəyan etməsi barədə məlumat vermişdi.
“Condor” Northlight oyun mühərrikində hazırlanır. Oyunun PC, PlayStation 5 və Xbox Series X|S platformalarına buraxılacağı planlaşdırılır. İlkin büdcəsi isə 25 milyon avro təşkil edir. Müqaviləyə əsasən bütün xərclər, eləcə də oyundan əldə olunan gəlir Remedy və 505 Games arasında bərabər bölünəcək.
Müqaviləyə görə Remedy və 505 Games “Control” kainatından daha bir oyun ərsəyə gətirəcəklər. Bu ya seriyanın davamı, ya da tamamilə yeni bir oyun ola bilər. Hələ ki, ikinci layihə haqqında heç bir məlumat verilməyib.