“Lost Judgment” 24 sentyabr 2021-ci il tarixində PS4 / PS5, Xbox One / Xbox Series X/S platformaları üçün buraxılacaq
“SEGA” tərəfindən 7 may tarixində anons olunan “Lost Judgment” oyunu “Judgment” oyununun davamıdır. Xatırladaq ki, “Judgment” ilk dəfə 13.12.2018-ci il tarixdə Yaponiyada, dünya miqyasında isə 25.06.2019-cu il tarixində PlayStation 4 konsoluna buraxılıb. Daha sonra oyun Stadia və Xbox Series platformaları üçün də buraxıldı.
“Ryu Ga Gotoku” studiyasının “Yakuza” seriyasının müəllifi olan komandası tərəfindən ərsəyə gətirilən “Lost Judgment” oyununda hadisələr Yokohama şəhərində cərəyan edir.

Baş qəhrəman Takayuki Yaqami özəl detektivdir. Bu dəfə, o, Eharanın müəmmalı ölümünün araşdırılması üçün cəlb olunub.
Yaradıcı studiyanın sözlərinə görə, əvvəlki hissədən fərqli olaraq oyun qeympleyinə parkur və stels elementləri əlavə olunub. Oyun zamanı üç növ döyüş stilindən istifadə etmək olar. Bunlardan biri yeni əlavə olunmuş “İlan” döyüş stilidir. Bu döyüş stili silahlı rəqiblərə qarşı əks-hücumun həyata keçirilməsi üçün nəzərdə tutulub.
Lost Judgment oyununun anons treylerini sizə təqdim edirik: