“Shadow Warrior 3” oyununun bu il PC, PlayStation 4 və Xbox One platformaları üçün buraxılacağı planlaşdırılır
Birinci şəxs perspektivli şuter (first-person shooter) janrında olan “Shadow Warrior 3” oyunu Devolver Digital tərəfindən ərsəyə gətirilir. Oyun “Shadow Warrior” seriyasına aiddir və 2016-cı il tarixində buraxılan ikinci hissənin davamıdır. Hazırda buraxılış tarixi elan olunmasa da, yaradıcı şirkət vaxtaşırı oyun haqqında paylaşımlar edir.

Dünən Devolver Digital rəsmi YouTube kanalında oyunun “That Damn Dam” adlı mərhələsinin qeympley videosunu paylaşıb. Qeympley videosundan görünür ki, əvvəlki hissələrə nisbətən oyun mexanikasının imkanları daha da genişləndirilib. Bütün bunlara baxmayaraq “Shadow Warrior 3” ,sanki, “DOOM Eternal” oyununu xatırladır. Seriyanın əvvəlki hissələri isə bu janrda daha çox özünəməxsus xüsusiyyətləri ilə fərqlənirdilər. Ümid edirik ki, bu məqamda biz yanılırıq.
Shadow Warrior 3 oyununun “That Damn Dam” mərhələsindən qeympley videosunu təqdim edirik: