“Bloomberg” portalı “Sony” şirkətinin gələn həftə “PlayStation” oyunları üçün abunə servisini təqdim edəcəyi barədə məlumat paylaşıb
Xatırlayırsınızsa, biz “Sony Interactive Entertainment”in öz abunə servisi üzərində çalışdığı barədə sizə məlumat vermişdik. Həmçinin, bu layihənin “Spartacus” adlanması haqqında da yazmışdıq. Lakin artıq xeyli müddət idi ki, abunə servisi haqqında heç bir məlumat paylaşılmırdı. Bu vəziyyəti “Bloomberg” portalının xəbər başlığı dəyişdi. Başlıqda isə deyilir ki, “Sony gələn həftə abunə servisini təqdim edəcək”.
“Spartacus” öz xüsusiyyətinə görə bir növ “Xbox Game Pass” servisinin Sony alternatividir. İlkin məlumata görə qiymətdən asılı olaraq servis istifadəçilərə 3 növdə abunə təqdim edəcək:
- Essential (10$)
- Extra (13$)
- Premium (16$)
Premium abunəçiləri PS1, PS2 və PSP oyunlarını oynamaq, eləcə də servisin striminq funksiyasından istifadə etmək imkanı əldə edəcəklər.
Məlumata görə, servis ilk gündən “PlayStation” platforması üçün son illərin ən parlaq oyunlarını özündə ehtiva edəcək. Əlbəttə, hələ ki, bu sadəcə xoş bir ehtimaldır. Gələn həftə isə bu barədə rəsmi xəbərləri sizinlə paylaşacağıq.