Nvidia “CES 2022″də RTX 3000 seriyasının yeni 3090 Ti və 3050 videokartlarını təqdim edib
Bu günlərdə keçirilən “CES 2022” texnologiya sərgisində NVIDIA şirkəti RTX 3000 seriyasından daha iki videokart təqdim edib. Dünyada mövcud olan pandemiya şəraitinə görə NVIDIA da daxil olmaqla sərgidə iştirak edən digər şirkətlər videoformatda çıxış edib. Çıxış zamanı şirkətin baş vitse-prezidenti Ceff Fişer RTX 3090 Ti videokartını şəxsən təqdim edib və onu seriyanın ən güclü videokartı adlandırıb.

RTX 3090 Ti barəsində təfərrüatlar bu ayın sonunadək məlum olacaq. Hazırda isə videokart barəsində aşağıdakılar məlumdur:
- 8 nm-lik GA102 çipi ilə təchiz olunub
- Yaddaş növü: GDDR6X
- Yaddaş həcmi: 24 GB
- Ötürmə qabiliyyəti: 21 GB/s
- Performans: adi vəziyyətdə 40 teraflops, şüa izləmə funksiyası ilə 78 teraflops, süni intellektlə 320 teraflops
Eləcə də RTX 3090 Ti videokartının normal fəaliyyəti üçün 450 Vt enerji və 1 kVt-lıq güc bloku tələb olunur.
RTX 3050 videokartı isə seriyanın orta qiymət seqmentinə daxildir. Buna baxmayaraq videokart ən son DLSS və Reflex texnologiyalarını dəstəkləyəcək. Şirkətin sözlərinə görə RTX 3050 bütün müasir oyunlarda stabil 60 FPS təmin etmək qabiliyyətinə malikdir. Videokart 27 yanvar tarixindən satışa buraxılacaq. Rəsmi qiyməti isə 249$-dır.
RTX 3050 videokartını texniki xüsusiyyətləri aşağıdakı kimidir:
- Çipin tezliyi: 1,55 GHz ; maksimal tezlik – 1,78 GHz
- Yaddaş növü GDDR6
- Yaddaş həcmi: 8 GB
- Yaddaş şini: 128 bit
- Enerji sərfiyyatı: 130 Vt
- Tövsiyə olunan güc bloku: 550 Vt

NVIDIA şirkətinin CES 2022 çıxışı: