“The Dark Pictures Anthology: House of Ashes” bu il PC, PlayStation 4 / PlayStation 5, Xbox One / Xbox Series X/S platformaları üçün buraxılacaq
Supermassive Games tərəfindən ərsəyə gətirilən “The Dark Pictures Anthology: House of Ashes” oyunu “The Dark Pictures Anthology” oyun seriyasının növbəti hissəsidir. Xatırladaq ki, seriyanın sayca üçüncü hissəsi olan “House of Ashes”dən əvvəl 2020-ci il tarixində “Little Hope” və 2019-cu il tarixində isə “Man of Medan” oyunları buraxılmışdı.
“The Dark Pictures Anthology” oyun seriyası interaktiv film və sağqalma horror janrlarındadır. Seriyanın hər bir hissəsi müxtəlif əfsanələrdən qaynaqlanır və müstəqil süjet xəttinə malikdir.

Süjetə görə
Oyunda hadisələr 2003-cü ildə İraqda cərəyan edir. Gizlədilmiş kimyəvi silahın axtarışları üçün göndərilən bir dəstə ABŞ hərbçisi İraq səhralarında qədim yeraltı şumer ehramının dağıntıları arasına düşür. Bir-birindən ayrı düşən dəstə üzvləri onları öldürmək istəyən müəmmalı varlıqdan can qurtmarmaq üçün öz güclərini səfərbər etməlidirlər. Əks təqdirdə onların ölümü qaçılmazdır.
“The Dark Pictures Anthology” seriyasının digər hissələrində olduğu kimi “House of Ashes” də süjet xətti müxtəlif məqamlarda seçim qarşısında qalan oyunçunun seçimlərindən asılı olaraq inkişaf edir. Oyunçu öz seçimləri ya bütün personajları, ya onların bir qismini xilas edə, ya da ki, ümumiyyətlə onların hər birini ölümə məhkum edə bilər.
Qeyd edək ki, oyununun ilk qeympley videosu 27 may tarixində təqdim olunacaq.
The Dark Pictures Anthology: House of Ashes oyununun tizer treylerini təqdim edirik: