“The Matrix Ressurrections” filminin premyerası 22.12.2021-ci il tarixinə təyin olunub. Film kinoteatrlarda və HBO Max servisində yayımlanacaq.
Nəhayət ki, uzun illər sonra 1999-cu ildə əsası qoyulan “The Matrix” film seriyasının 4-cü hissəsinin ilk treyleri təqdim olundu. “The Matrix Ressurrections” filminin premyerasını da çox gözləmək məcburiyyətində qalmayacağıq. Artıq bu ilin 22 dekabr tarixində film kinoteatrlarda və HBO Max servisində yayımlanmağa başlayacaq.

Hər kəs yenidən Matriksə geri dönür? Elədir ki var! Seriyanın əvvəlki filmlərindən Neo və Triniti obrazlarını canlandıran aktyorlar Kianu Rivz və Kerri-Enn Moss öz rollarına geri qayıdıblar. Bu xəbər yeni olmasa da, filmin ilk treylerinin buraxılışı ilə ona, sanki, ikinci nəfəs vermiş oldu.
Hazırda müxtəlif KİV-dən və treylerdən məlum olduğu qədər əminliklə qeyd edə bilərik ki, filmin süjetinə görə baş qəhrəmanlar Neo və Triniti olanları unudublar. “Əvvəlki həyatından” Neonun beynində canlanan görüntülər isə ona qarabasma kimi gəlir. Lakin, treylerin yarısından sonra Neonun tam və ya qismən öz yaddaşını bərpa edə bildiyi hiss olunur. Filmin adındakı “Ressurrections” (Dirilmələr azərb.) sözü də bu mövzuda heç də təsadüfi deyil. Bu Neo və digərlərinin dərin yuxudan ayıldıqlarına işarə edir. Belə qənaətə gəlmək olar ki, 4-cü film əsasən qəhrəmanların özlərini tanımasına həsr olunacaq. Hadisələr isə, çox güman ki, Neo və Triniti obrazları ətrafında cərəyan edəcək.