Prince of Persia: The Sands of Time oyunun remake versiyasının buraxılış tarixi uzadıldı
Ubisoft şirkəti “Prince of Persia: The Sands of Time” oyununun remake versiyasının buraxılış tarixini naməlum müddətə uzatdı. Bu barədə məlumatı Prince of Persia rəsmi Twitter hesabı paylaşıb. Bununla artıq ikinci dəfədir ki, Ubisoft bu addımı atır. İlk əvvəl “Prince of Persia: The Sands of Time Remake”-in buraxılışı bu ilin yanvar ayının 21-dən mart ayının 18-nə keçirilmişdi.
Oyun yaradıcısı fanatların bu xəbərdən təəccüblənə biləcəyini anlayışla qarşıladığını. Gələcəkdə oyun barədə əlavə məlumatlar verəcəyini və hər bir halda onları dəstəkləyən şəxslərə təşəkkür etdiyini bildirib.
“Prince of Persia: The Sands of Time Remake” oyununun buraxılış tarixinin uzadılması, sözsüz ki, oyunda olan çatışmazlıqlarla bağlıdır. Yaradıcı komanda isə oyunun treylerinin paylaşıldığı ilk gündən fanatların neqativ reaksiyasından bunu başa düşmüşdü. Çünki, çoxları tərəfindən sevilən bu oyuna ötəri yanaşmaq oyun fanatları üçün qəbuledilməzdir. Lakin, bütün bunları nəzərə alaraq ilk gündən oyunun buraxılış tarixini naməlum müddətdə uzatmaq lazım idi. CD Projekt Red şirkəti kimi “CyberPunk 2077” oyunu ilə oyun həvəskarlarının inamını sınamağın necə neqativ nəticələrə səbəb olduğu artıq bəzi yaradıcılara dərs olmalı idi.