Xbox platforması üçün yenilənmiş Microsoft Edge brauzeri “Chromium” funksiyalarını dəstəklədiyi üçün konsolda bulud oyun servisindən istifadə etmək imkanı yaranıb.
Bu imkandan yararlanan Co Çip adlı yutuber öz YouTube kanalında bu barədə video paylaşıb. Belə ki, Xbox One və Xbox Series X/S konsolları üçün yenilənən Microsoft Edge brauzerində, o, Geforce Now bulud oyun servisindən yararlanaraq PC platforması üçün “Wreckfest” oyununu başlada bilib. Lakin, videodan göründüyü kimi hazırda Geforce Now servisi tərəfindən dəstəklənən istənilən oyunu oynamaq olar.

Hazırda Microsoft Edge brauzeri sözügedən konsollar üçün alfa-test mərhələsindədir. Microsoft şirkətinin bu anadək məsələyə heç bir rəsmi münasibət bildirməməsini nəzərə alsaq gələcəkdə tətbiqin tam versiyaya yenilənməsi zamanı həmin funksiyadan məhrum ola biləcəyi ehtimalı yaranır. Sözsüz ki, hər şey Microsoft-un bu məsələyə yanaşmasından asılıdır.