Yaxın günlərdə “Battlefield” oyununun anonsu gözlənilir
Xatırladaq ki, Electronic Arts “Battlefield” oyun seriyasının növbəti hissəsinin yaz aylarında anons olunacağını təsdiq etmişdi. Bəzi mənbələrin verdiyi məlumata görə isə oyunun adı “Battlefield 6” yox, sadəcə “BATTLEFIELD” olacaq.
Bəli, artıq yaz aylarıdır və bu da o deməkdir ki, yaxın günlərdə EA “BATTLEFIELD” oyununu anons edəcək. Ən azından oyunun anons treylerinin tam hazır olduğunu şəbəkəyə sızmış bu iki görüntü ilə güman etmək olar:
Anons treylerindən sızan görüntülərin həqiqətən də gözlənilən “BATTLEFIELD” oyununa məxsus olub-olmadığını təsdiq etmək mümkün deyil. Lakin bəzi mənbələr bu görüntülərin oyunun ümumi konsepsiyasına uyğun olduğuna əsaslanaraq, onların həqiqi olduğunu iddia edirlər. Sızmış görüntülər ilkin vəziyyətdə daha aşağı keyfiyyətdə olduğu üçün onların keyfiyyəti neyroşəbəkə vasitəsilə optimallaşdırılıb.
Görüntülərdən aydın olur ki, onların hər ikisi də eyni nəhəng oyun xəritəsindəndir. Bununla da belə nəticəyə gəlmək olar ki, oyun prosesi zamanı hava şəraiti dəyişir.
Qeyd edək ki, “BATTLEFIELD” oyununun buraxılışı bu ilin sonlarına gözlənilir. İlk dəfədir ki, seriyadan olan bir oyunla digəri arasında 3 il müddətinə ara verilir. Belə ki, “Battlefield” seriyasından olan sonuncu oyun – “Battlefield V” 20 noyabr 2018-ci ildə buraxılmışdı.
“EA DICE” törəmə şirkətinin verdiyi məlumata görə “BATTLEFIELD” oyunu üzərində seriya tarixində ən böyük komanda işləyir.
“Frostbite” oyun mühərrikində ərsəyə gətirilən “Battlefield” oyunları həmişə öz qeympleyi və oyun fizikası ilə oyunçuları təəccübləndirməyi bacarır. Ümid edirik ki, hamı tərəfindən səbirsizliklə gözlənilən növbəti hissə oyun sənayesinə və şuter janrına yeniliklər gətirməklə daha da uğurlu alınacaq.