Yeni Unreal Engine 5 oyun mühərriki sələfindən fərqli olaraq ətraf mühitin super realistik təsvirinə nail olur. Qeyd edək ki, Unreal Engine oyun mühərrikinin 4-cü nəsli hazırda bir çox mövcud olan oyunlarda tətbiq olunur. Bu sıraya yeni nəsil mobil oyunlar da daxildir. Lakin, texnologiya inkişaf etdikcə tələblər də dəyişir. Bir çoxlarının Fortnite oyunundan tanıdığı, bəzilərinin isə onlayn mağaza olan Epic Games Store adından tanıdığı “Epic Games“-ə məxsus olan Unreal Engine oyun mühərriki C++ proqramlaşdırma dili əsasında yaradılmışdır. Bu oyun mühərrikinin yeni 5-ci nəsli ilə əldə etdiyi nailiyyətlər isə həqiqətən də heyranedicidir.
Yeni Unreal Engine 5 oyun mühərrikinin əyani təsviri üçün isə Epic Games tərəfindən YouTube-da “Lumen in the Land of Nanite” adlı video görüntü paylaşılmışdır. Əyani olaraq təsvir olunan oyun yeni PlayStation 5 konsolunda oynanılır.
Videonun adında olan “Lumen” və “Nanite” sözləri orada təsadüfi deyil. Bunlar yeni Unreal Engine 5 oyun mühərrikinin vacib elementləridir. Nanite – mikropoliqonal virtuallaşdırılmış həndəsə funksiyasını daşıyır və ətraf mühitin 8K ölçüsündə super realistik təsvirinə cavabdehdir. Lumen – adından məlum olduğu kimi dinamik işıqlandırma funksiyasını daşıyır və oyunda mükəmməl effektlərin yaradılmasına cavabdehdir.

Bütün bu yeniliklərə baxmayaraq yaradıcılar Unreal Engine 4 oyun mühərrikində yaradılmış oyunları Unreal Engine 5 oyun mühərrikinə keçirilməsini də düşünərək bu prosesi kifayət qədər asan və mümkün etmişlər.
Qeyd edək ki, Unreal Engine 5 oyun mühərrikinin tətbiqi 2021-ci ilin sonlarına planlaşdırılıb.
Unreal Engine 5 oyun mühərrikinin PlayStation 5 platformasında əyani təsvirini Sizə təqdim edirik: